Fəxrəddin Manafova kim və ya hansı qurumlar qayğı göstərməlidir?

PAYLAŞ:

Məlum olduğu kimi, bu günlərdə xalq artisti Fəxrəddin Manafovun Almaniyada xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayıldı. Aktyor kulis.az saytına açıqlama verərək, məlumatı təsdiqləyib: “Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.

Qeyd edək ki, Fəxrəddin Manafov məşhur kino və teatr aktyoru, xalq artisti, prezident təqaüdçüsüdür. İlk dəfə 1982-ci ildə çəkilən “Evləri köndələn yar” tele-tamaşasından tanınmağa başlayan aktyor sonralar baş rola çəkildiyi “Ölsəm… bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı” filmləri ilə məşhurlaşıb. Hazırda 62 yaşında olan aktyor son illərdə “Mahmud və Məryəm”, “ƏIi və Nino” filmlərinə çəkilib.

Bəs bu gün kino mədəniyyətimizin parlaq nümunələrindən biri olan, xalq artisti Fəxrəddin Manafova kimlər və ya hansı qurumlar qayğı göstərməlidir?

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Xalq artisti, məşhur kino rejissoru Oqtay Mirqasımova isə sualımızı bu cür cavablandırdı:

“Əvvəla mən bilmirəm ki, Fəxrəddin Manafov kimin köməyini əldə edib, onun müalicəsinin arxasında hansısa qurumlar dayanır və ya yox, bu haqda məlumatım yoxdur.

Deyirlər “insaf da dinin yarısıdır”. Yuxarı dairələrdən sənətkarlarımıza yardım göstərirlər. Araşdırsaz görərsiz ki, nə qədər sənətkarlarımıza lazımi qayğı göstərilib. Bu haqda məlumatım olduğu üçün tam məsuliyyətlə deyə bilərəm ki, ən yuxarı dairələrdən sənətkarlara, alimlərə, kimsəsiz az yaşlı uşaqlara köməkliklər edilir. Əgər siz məni yaxşı tanıyırsınızsa, onda inanacaqsız ki, bu dediklərimdə səmimiyəm.

Sonda isə Fəxrəddin Manafova Allahdan şəfa diləyirəm. Onun xətrini çox istəyirik”.(musavat.com)

COMMENTS