Prezident Qubada açılışlar etdi

Prezident Qubada açılışlar etdi

PAYLAŞ:

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gedib.

Nia24.info xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba “ASAN həyat” kompleksi barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb.

Dövlət başçısı mərkəzlə tanış olub. Kompleksin “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Dövlətimizin başçısı Quba “ASAN xidmət” Mərkəzini işə salıb.

Bildirilib ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.

Prezident İlham Əliyevə “Ready 2.0” avadanlığı haqqında məlumat verilib. Bu avadanlıq “ASAN xidmət” mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN kommunal” xidmətində bu günədək 217 min vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verilib.

Bildirilib ki, “ASAN viza 2.0” sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.

Diqqətə çatdırılıb ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, maliyyə xidmətlərinin “one-stop shop” prinsipi ilə təqdim edilməsi üçün isə “ASAN finance” elektron portalının yaradılması nəzərdə tutulur.

Dövlət başçısına “Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri” barədə də məlumat verildi. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirilib ki, 2018-ci ildə Şəki və İmişli rayonlarinda “ASAN həyat” komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də olublar.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, Kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

Sonra dövlət başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxıb.

Qeyd edilib ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Şamaxının Dəmirçi kəndində “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 167 “ABAD”çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.

“ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.

Quba “ASAN həyat” Kompleksinin ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Ümumi sahəsi 1,58 hektar olan Kompleksin ərazisində fəvvarə, avtomobillər və avtobuslar üçün dayanacaq tikilib, park və uşaq oyun meydançası yaradılıb.

Prezident İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşüb.

Kompleksin əməkdaşları Tünzalə Piriyeva və Fəxriyyə Balakişiyeva yaradılan bu şəraitə görə kollektivin adından dövlət başçısına minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.

Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.

COMMENTS